Münaqişənin fəal hərbi fazasısının davam etdiyi şəraitdə Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini hələlik müzakirə etmək tezdir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Qarabağ münaqişəsinin həllinin baza prnsiplərində bu bölgəyə sülhməramlı qüvvələrin dəvəti nəzərdə tutulur, lakin münaqişənin fəal hərbi fazasısının davam etdiyi hazırki şəraitdə bu məsələni müzakirə etmək tezdir. Baza prinsiplərinin razılaşdırılmaması, onların müzakirə mövzusu olduğunu nəzərə alaraq, indi bu məsələyə diqqətin ayrılmasının nə dərəcədə düzgün olacağına dair şübhəm var”, - Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.
Azərbaycan lideri əlavə edib ki, Qarabağda sülhməramlıların iştirakı məsələsi Azərbaycanla Ermənistan arasında geniş müzakirə olunmayıb. Xüsusilə, bu qüvvələrin təşkili, hansı ölkələri təmsil edəcəkləri barədə və hansı tərkibdə, bu cür müzakirələr aparılmayıb.
“Buna baxmayaraq, bu məsələ Azəırbaycanın mövqeyi nəzərə alınmaqla həll olunacaq. Çünki bu münaqişə Azərbaycan ərazisində baş verir, beynəlxalq hüquq və tarixi ədalət nöqteyi-nəzərindən bu bizim ərazilərdir və bura hər hansı silahlı qüvvələrin daxil olması Azərbaycanın razılığı olmadan mümkün deyil”, - o qeyd edib. **
N.Abbasova