2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 min 679,1 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin 9 ayı ərzində 3 min 259 kq gümüş (artım 13,5%) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 oktyabr 2020-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 357 kq, gümüş ehtiyatının həcmi 167,2 kq təşkil edir.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.
Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
B.Rüstəmbəyov