Azərbaycan Ordusu işğal edilmiş ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi. Bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko “Region plus” jurnalına müsahibəsində söyləyib.
“Mən əminliklə deyə bilərəm ki, müasir silahlardan – pilotsuz uçuş aparatlarından, hava patrulu xidməti üçün silah-sursatdan, hədəfləri dəf etmək üçün yüksəkdəqiqlikli vasitələrdən istifadə olunmaqla aparılan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Dünya hələ belə bir vəziyyətlə rastlaşmamışdı ki, bir ordu digər ordu ilə vuruşarkən bu sayda yüksəkdəqiqlikli silahlardan istifadə edilsin. Zərbə uçuş aparatlarından istifadənin miqyasına və intensivliyinə görə bu, dünya tarixində ilk belə hadisədir”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, nə ABŞ, nə Rusiya, nə İsrail, nə də hansısa başqa ölkə bu miqyasda pilotsuz zərbə uçuş aparatlarından istifadə etməyib. Pilotsuz uçuş aparatları bu cür münaqişələrdə özünün mübahisəsiz üstünlüyünü sübut edib.
“Buraya Azərbaycan Ordusu tərəfindən düşmənin canlı qüvvələrinin və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi və daha sonra zirehli texnikanın, yüksək dərəcədə müdafiə olunan hədəflərin və canlı qüvvənin məhv edilməsi üçün pilotsuz uçuş aparatlarından geniş istifadə taktikasını da əlavə etmək lazımdır”, - deyə Korotçenko qeyd edib.
O bildirib ki, yüksəkdəqiqlikli silahdan istifadə mülki əhali arasında itkilərin sayını azaldır. “Bu nöqteyi-nəzərdən Azərbaycan həm hərbi uğur qazanıb, həm də Dağlıq Qarabağda yaşayan mülki vətəndaşların həyatını xilas edib. Fikrimcə, döyüş əməliyyatlarının aparılması taktikası sahəsində əhəmiyyətli dəyişikliklər olacaq. Sözsüz ki, Azərbaycan Ordusunun təcrübəsi ətraflı şəkildə öyrəniləcək”, - deyə Korotçenko vurğulayıb.*
X.Nəsirzadə