Ermənistanın Ordubad rayonuna raket hücumu onun bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir. Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - deyə o vurğulayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.*
Ə.Məmmədov