Amerika Birləşmiş Ştatlarının dövlət katibi Maykl Pompeonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın statusuna uyğun gəlmir. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir.
“Pompeo oktyabrın 15-də “WSB Atlanta” televiziya kanalında səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Azərbaycan tərəfi hesab edir ki, ABŞ dövlət katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan əvvəl edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil. Bu fikirlər, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın statusuna uyğun gəlmir”, - deyə açıqlamada bildirilir.
Ötən gün Pompeo bəyan edib ki, Vaşinqton Qarabağ münaqişəsinin həllinin üçüncü ölkələrin iştirakı olmadan danışıqlar yolu ilə baş tutacağına ümid edir. "Biz ümid edirik ki, ermənilər azərbaycanlıların etdiklərindən müdafiə oluna biləcəklər və onların hamısı atəşkəsə nail olacaqlar, sonra isə danışıqlar masası arxasına oturacaqlar və bu tarixi və həqiqətən də mürəkkəb problemi həll etməyə çalışacaqlar", - deyə o bildirib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi silahlı münaqişə yolu və üçüncü ölkələrin iştirakı ilə deyil, danışıqlar və müzakirələr yolu ilə həll olunmalıdır.
"İndi türklər də müdaxilə edərək Azərbaycanı resurslarla təmin edir və Dağlıq Qarabağ adlanan yerdə - 150 min nəfərə yaxın əhalisi olan kiçik bir ərazidə baş verənləri daha da qızışdırmaqla riski artırırlar ", - deyə dövlət katibi qeyd edib.*
A.Əzizov