Rusya hərbi donanmasının bu gün Xəzərdə başlayan təlimləri Azərbaycan və Türkiyəyə müəyyən siqnal kimi nəzərdən keçirilə bilər. Bu barədə "İnterfaks"a Rusiya Hərbi Dəniz Donanması Baş Qərargahının keçmiş rəisi admiral Viktor Kravçenko deyib.
"Bu, zərurət yarandığı təqdirdə Rusiyanın o cümlədən də Xəzər dənizi tərəfdən hər hansı bir addım ata biləcəyi ilə bağlı onlara ilk siqnal ola bilər", - deyə o bildirib.
Kravçenkonun sözlərinə görə, bu manevrlərə regionun Rusiyanın strateji maraqlarına daxil olması və onun burada kifayət qədər hərbi potensialının olması ilə bağlı xatırlatma kimi baxmaq olar.
"Xəzər donanması bu region üçün ciddi birlikdir. Son 10 il ərzində Xəzər donanmasının döyüş qabiliyyəti xeyli artmışdır", - deyə admiral qeyd edib.
Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər Hərbi Donanmasının gəmiləri Xəzərdə təlimlərə başlayıb.
Təlimlər Abşeron yarımadasından şimalda, dənizin mərkəzi hissəsində keçirilir.
Manevrlərə 6 gəmi cəlb olunub. Gəmilər arasında "Tatarıstan" flaqmanı, habelə "Kalibr" qanadlı raketlərini daşıyan "Dağıstan", "Uqliç" və "Velikiy Ustyuq" gəmiləri var.*