Qarabağda atəşkəsi istəyən Ermənistan olub. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu prezident İlham Əliyev deyib.
“Atəşkəsi istəyən Ermənistan olub. Onlar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər. Biz də dedik ki, humanitar məqsədlər, əsirlərin dəyişdirilməsi, cəsədlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Eyni zamanda, müzakirələrin formatı da dəyişməz qalmalıdır. Ancaq atəşkəsdən bir gün keçməmiş Gəncəyə bu xain hücumu təşkil etdilər. Ondan sonra digər bizim şəhərlərimizi vurmağa başladılar. Və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Onlara bu atəşkəs görünür ona görə lazım idi ki, öz qüvvələrini toplasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin”, - deyə dövlət başçısı Türkiyənin «A Haber» telekanalına müsahibəsində bildirib.
“Çünki bu atəşkəsdən sonra onlar 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər. Üç dəfə ora hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir. Onlar bu günə qədər yalan propaqandalar apararaq, Azərbaycanın Hadrutu işğaldan azad etməsini etiraf etmirlər. Hadrutda artıq neçə gündür, Azərbaycan bayrağı dalğalanır və Hadrutun ətrafında yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir”, - deyə prezident qeyd edib.
O vurğulayıb ki, Hadrut götürülməsəydi, ondan sonra Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi. O zaman Füzuli kəndləri də götürülə bilməzdi.*
X.Nəsirzadə