Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi faktora çevrilib. Bunu prezident İlham Əliyev deyib.
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edir. Bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi faktora çevrilib. Və bu, çox müsbət faktordur”, - deyə dövlət başçısı Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi üçüncü ölkələrin maraqlarına qarşı yönəlməyib.
"Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə etməliyik. Öz yolumuzu davam etdiririk, heç kimsə bizim işimizə qarışmasın, heç kimsə bizim daxili məsələlərimizə burnunu soxmasın, biz bunu istəyirik. Dost olaq, tərəfdaş olaq, iş birliyi edək, amma sizinki sizdə, bizimki bizdə, bunu biz istəyirik və buna haqqımız çatır", - deyə Əliyev vurğulayıb.
Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində iştirakına toxunan prezident bildirib ki, Türkiyə de-fakto burdadır.
“Bu gün Türkiyə Rusiya ilə fəal şəkildə təmasdadır. Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, zatən Minsk qrupunun üzvüdür, o zaman bilmirəm hansı səbəblərdən Türkiyə həmsədr olmadı. Biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu eləmədi. Özü bunu istəsəydi, məncə, olardı. Minsk qrupu 30 il ərzində bir nəticəyə nail olmadı”, - deyə İ.Əliyev bildirib.
O, həmçinin deyib ki, Qarabağ məsələsində Fransanın bitərəfliyi məsələsi artıq öz həllini tapıb və bu ölkə bitərəf olaraq qalacaq.
“Mənim Fransa prezidenti ilə son telefon danışığım çox müsbət olub. Fransa həmsədr ölkə kimi bitərəf olmalıdır. Hər ölkənin hər bir başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Milli səviyyədə hər ölkə sərbəstdir. Heç kimsə buna irad da tuta bilməz. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Həmsədr olan ölkələr üzərinə bu, böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək tərəfsiz olsunlar, bitərəf olsunlar”, - deyə dövlət başçısı əlavə edib.
O deyib ki, Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Lakin Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması məsələsi heç zaman müzakirə predmeti olmayıb.*
Ə.Məmmədov