Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan tərəfində Pakistandan olan döyüşçülərin vuruşması ilə bağlı yeni mif yayır. Bunu prezident İlham Əliyev deyib.
“Ermənistanın baş naziri Nikol Paşinyan dünən Rusiya agentliyinə verdiyi müsahibəsində deyib ki, Azərbaycan tərəfində Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək o qədər də çətin məsələ deyil”, - deyə dövlət başçısı Türkiyənin «A Haber» televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, toqquşmaların ilk günündə demişdilər ki, Ermənistanın Su-25 təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurmuşdur. Lakin Ermənistan bunu sübut edə bilmədi. İndi isə Ermənistan tərəfi yeni uydurma xəbərlər yaymağa çalışır.
“İndi yeni yalan ortaya atırlar ki, guya Pakistan və türk əsgərləri bizimlə bərabər vuruşurlar. Sübutlar versinlər. Yoxdur, bu.Sadəcə olaraq, Ermənistan tərəfi birinci növbədə istəyir ki, Azərbaycan Ordusunun gücünü pərdələsin. Guya ki, Azərbaycan təkbaşına bunu edə bilməzdi. İkincisi, onun daha bir yalanı odur ki, guya bu toqquşma artıq bölgədən çıxıb, daha qlobal bir toqquşmaya çevrilib. Bu da yalandır. Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir. Türkiyə və Azərbaycanın dostluğu islamofob ölkələri və bir sıra beynəlxalq təşkilatları narahat edir”, - deyə prezident vurğulayıb.
İ.Əliyev əlavə edib ki, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda kürd döyüşçülər üçün düşərgə qurması barədə Azərbaycanda sübutlar var. Bundan başqa, bu gün erməni tərəfində vuruşan muzdluların olması ilə bağlı da sübutlar mövcuddur.*
X.Nəsirzadə