Oktyabrın 15-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Bosniya və Herseqovinanın xarici işlər naziri xanım Bisera Turkoviç arasında telefon danışığı baş tutub.
“C.Bayramov Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələri barədə həmkarına məlumat verib. Dinc əhalinin qəsdən hədəf alınması nəticəsində 47 mülki şəxsin öldüyü və 222 nəfərin ağır yaralandığı qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəsi kobud şəkildə pozduğunu bildirib və Ermənistanın atəşkəsə riayət etməsinin yalandan başqa bir şey olmadığını qeyd edib. Bölgədəki mövcud vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyü vurğulanıb”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatında bildirilir.
B.Turkoviç azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını və dərin kədərini ifadə edib.
“Bosniya və Herseqovina Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll edilməlidir”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə