Baş Prokurorluq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutması faktı ilə bağlı cinayət işi açıb.
“Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən həlak olan vəzərərçəkmiş şəxslərin, həmçinin mülki infrastruktur obyektlərinin, nəqliyyat vasitələrinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - Prokurorluğun məlumatında deyilir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Xəbər verildiyi kimi, oktyabrın 17-nə keçən gecə Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevirə yeni raket zərbələri endirib. Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Gəncə şəhərinə iki raket düşüb Raketlərin ikisi də yaşayış məhəlləsinə düşüb. Hazırda mülki şəxslərin dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Mingəçevir şəhərini hədəfə alan raket Ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. **
N.Abbasova