Azərbaycan Prezidenti Administrasiyası Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin erməni hərbçilərinin raket zərbələrinə məruz qoyduğu Gəncə şəhərinə səfərini təşkil edib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
"Diplomatik korpus və hərbi attaşelərlə Gəncəyə gedirik. Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın mülki şəxslərə qarşı barbar əməllərini görsün. Ermənistan məsuliyyətindən qaça bilməz", - Hacıyev Twitter hesabında yazıb.
Xəbər verildiyi kimi, oktyabrın 17-nə keçən gecə Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevirə yeni raket zərbələri endirib. Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Gəncə şəhərinə iki raket düşüb Raketlərin ikisi də yaşayış məhəlləsinə düşüb. Ümumilikdə 20 yaşayış evinə ziyan dəyib, daha 4-5 ev tam dağıdılıb. 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.
Mingəçevir şəhərini hədəfə alan raket Ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 6 maddəsi ilə cinayət işi başlanıb. **
N.Abbasova