Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində 500 kV-luq Azərbaycan-Gürcüstan hava elektrik xətti zədələnib. Bu barədə “İnterfaks-Azərbaycan”a “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
“Oktyabrın 17-də Ermənistan silahlı qüvvələri Mingəçevir və Gəncə şəhərlərini ballistik raket atəşinə məruz qoyub. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəzaya səbəb olub”, - Abdullayev qeyd edib.
O əlavə edib ki, “Azərenerji”nin əməkdaşları qısa vaxt ərzində enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar. **
N.Abbasova