Azərbaycan mülki əhalini Ermənistan silahlı qüvvələrinin raket hücumlarından müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu özündə saxlayır. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Oktyabrın 17-də Gəncə şəhəri Ermənistan silahlı qüvvələrinin SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə hədəfə alınıb. Nəticədə 2-si uşaq olmaqla 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb və 2 uşaq itkin düşmüş hesab olunur”, - Hacıyev xarici jurnalistlər üçün brifinqdə bildirib.
O cümlədən, Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtrar Respublikasının Ordubad rayonuna raketlə hücum edib.
Onun sözlərinə görə, qeyd edilən bu təxribarların məqsədi ondan ibarətdir ki, Ermənistan hərbi əməliyyatların coğrafiyasını genişləndirmək istəyir.
Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini vurğulayıb. Bundan başqa, mülki əhalini müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu Azərbaycanın özündə saxladığını qeyd edib. **
A.Əzizov