2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 9,6 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2020-ci ilin yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,9% artımla 27,5 milyard kubmetr qaz hasil edilib. SOCAR üzrə bu dövrdə 5,5 milyard kubmetr qaz hasil olunub. Qaz hasilatının 8,7 milyard kubmetri AÇG-dən, 13,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib”, - nazirlikdən bildirilir.
Bu dövrdə xaricə qaz satışı 9,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur. Cari ilin yanvar-ssentyabr aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3% çox, yəni 7,9 milyard kubmetr qaz ixrac edilib. Qalan qazın həcmi Gürcüstana ixrac edilib.
“Azəri-Çıraq-Günəşli” bloku istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 173,7 milyard kubmetr, “Şahdəniz” yatağından isə 130,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 86,5 milyard kubmetr qaz ixraca nəql edilib.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayından başlanılıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları BP (Britaniya - 30,37%), SOCAR (25%), MOL (Macarıstan - 9,57%), “ExxonMobil” (Amerika - 6,79%), ONGC (Hindistan - 2,31%), “Inpex Corp.” (Yaponiya - 9,31%), “ITOCHU Oil” (Yaponiya - 3,65%), “Equinor” (Norveç - 7,27%) və TPAO (Türkiyə - 5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir. Neft hasilatı 500 milyon tondan çox həcmdə planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayından başlanılıb.**
N.Abbasova