Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyə və Rusiyanın iştirakı bu münaqişənin tezlikə başa çatmasına imkan yarada bilər. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev belə hesab edir.
“Türkiyə və Rusiya Azərbaycan üçün dost və qonşu ölkələrdir. Türkiyə və Rusiya öz mövqeləri olan dövlətlərdir. Buna görə, düşünürük ki, bu danışıqlarda Türkiyə və Rusiyanın iştirakı daha tez nıticənin əldə olunmasına imkan yarada bilər”, - Hacıyev “Octagon”a müsahibəsində bildirib.
Həmçinin, o Türkiyə və Rusiyanın Suriyada uğurlu qarşılıqlı əlaqələrini misal gətirib.
“Suriya böhranında biz bunun şahidi olduq: onlar regionda gərginliyi azalda bildilər. Hər iki ölkənin ATƏT-in üzvü olması amili vacibdir. İki üstəgəl iki - Ermənistan, Rusiya, Azərbaycan, Türkiyə modelində bu münaqişəni həll etmək mümkün olacaq”, - Hacıyev vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ermənistan dezinformasiya və təbliğat vasitəsilə Türkiyənin münaqişədəki rolunu şişirdir.
“Türkiyənin mənəvi və diplomatik dəstəyi var, Azərbaycanın ərazi bütövülüyünü dəstəkləyir. Həmçinin, Rusiya və İran kimi. Ermənistan tərəfi hərbi proseslərə Türkiyənin qırıcıları və hərbi qüvvələrinin müdaxilə etməsi ilə baölı təbliğat aparır. Bizim ölkəmiz rəsmi olraq bəyan edir ki, müharibədə üçüncü qüvvələr iştirak etmir. Hərbi texnikaya gəlincə, biz onu Türkiyə, İsrail, İran və Rusiyadan alırıq. Əgər biz bu ölkələrdən texnika alırıqsa, bu demək deyil ki, həmin ölkələr Azərbaycan Silahlı Qüvvələrində döyüşürlər və ya döyüşlərdə iştirak edirlər”, prezidentin köməkçisi qeyd edib.
O əlavə edib ki, Azərbaycan peşəkar Silahlı Qüvvələrə malikdir və əlavə tərəflərin köməyinə ehtiyacı yoxdur. “Bizim kifayət sayda hərbçilərimiz var. Əlbəttə ki, Türkiyə tərəfindən mənəvi dəstəyi yüksək qiymətləndiririk”, - Hacıyev bəyan edib.
O, həmçinin Türkiyənin Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsinə dair İrəvanın bəyanatlarını yalan adlandırıb.
“Bu, Ermənistan tərəfinin növbəti təbliğatıdır, biz bu cür yalan ittihamlar gözləyirdik. Yalnız sözdə ittiham etmək yox, sübut təqdim etmək lazımdır. Yayılan videolar üçün bu trolları haradan tapdıqları bizə məlumdur.Sonra onları Azərbaycanın hərbi formasına geyindirirlər və həmin şəxslər heç də ərəb olmadıqlarına baxmayaraq, ərəb dilində danışmağa cəhd edirlər. Təcrübəsiz ərəblərə qabaqcıl müasir texnikanı etibar etmək məntiqsizdir. Bu cür ittihamlarla Ermənistan özlərinin gətirdiyi muzdluları gozlətməyə çalışır”, - Hacıyev bildirib.
O, həmçinin qeyd edib ki, Qarabağda atəşkəsə çağırışlar Azərbaycan ictimaiyyətində narahatlıq və inamsızlıq yaradır.
“Moskvada danışıqlar aparılarkən xalq atəşin dayandırılacağından narahat idi. İctimaiyyət bu çağırışı qəbul etmir, çünki 1994-cü ilin hadisələrini xatırlayır. O zaman atəşkəs haqqında saziş imzalanandan sonra ermənilər bizi aldatdılar. 2016-cı ilin aprel hadisələrindən sonra atəşkəs sazişi olub, və yenə də əməl olunmayıb. Xalq sülh həll yoluna etimad etmir – beynəlxalq birlik bunu anlamalıdır və işğal olunmuş ərazilərin azad olunmsına diqqəti yönəltməlidir”, - o qeyd edib. **
N.Abbasova