2020-ci ilin yanvar-avqust aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 27 milyon 170,5 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 22,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 8 milyon 554,7 min ton yük və ya bütün yükdaşımaların 31,5%-i dəmir yolu nəqliyyatı (2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə artım 0,4% - İF), 15 milyon 287,4 min tonu və ya 56,3%-i avtomobil nəqliyyatı (azalma 33,4%), 3 milyon 328,4 min tonu və ya 12,2%-i dəniz nəqliyyatının (azalma 2,2%) payına düşüb.
Yanvar-avqust aylarında avtomobil nəqliyyatı ilə daşımaların azalması koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə izah olunur.
2019-cu ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük, o cümlədən 8 milyon 77,2 min ton (15,3%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova