2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 140 milyon 600,9 min ton yük daşınıb ki, bu da 2019-cu ilin yanvar-avqust aylarının göstəricisindən 18,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daşımaların azalması koronavirus pandemiyası və onun yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiqi ilə əlaqədardır.
Yük daşımalarının strukturunda 78,7% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,3% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-sentyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 10 milyon 847,2 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,4% azdır.
Dəniz nəqliyyatı ilə 4 milyon 377,9 min ton (azalma 2,4%), avtomobil nəqliyyatı ilə 82 milyon 990,7 min ton (azalma 26,7%), hava nəqliyyatı ilə 316,5 min ton (artım 2,4 dəfə) müxtəlif yük daşınıb. Yanvar-sentyabr aylarında daxili neft kəmərləri vasitəsilə 26 milyon 577,4 min ton neft (azalma 9,5%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov