Rusiyanın xarici işlər naziri Sergey Lavrov konfrontasiya ritorikasına yol verilməməsinin və atəşin, o cümlədən Dağlıq Qarabağdakı mülki obyektlərə zərbələr endirilməsinin dayandırılmasının vacibliyini bəyan edib.
“İndi başlıca məsələ tərəflər və cavabdeh beynəlxalq oyunçular tərəfindən konfrontasiya ritorikasının dayandırılmasıdır. Bu, heç də böyük səy tələb etmir”, - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
“Növbəti vacib addım isə hərbi əməliyyatların və mülki obyektlərə zərbələrin dayandırılmasıdır. Bu tələb Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının birgə bəyanatında, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 10-da Moskvada razılaşdırdığı sənəddə təsdiqini tapıb. Moskva görüşündən sonra bizim ümidlərimiz doğrulmadı. Döyüş əməliyyatları, mülki infrastruktura, yaşayış məntəqələrinə zərbələr davam etdi. Bu, qəbuledilməzdir", - deyə Lavrov qeyd edib.*