Bakı və Yerevan Qarabağda vəziyyəti uzunmüddətli perspektivdə sabitləşdirməyə imkan verəcək əsas müddəaları razılaşdırmalıdır. Bunu RF XİN başçısı Sergey Lavrov bu gün Moskvada keçirilən mətbuat konfransında deyib.
O vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ tərəfindən hazırlanmış və tərəflərlə müzakirə edilmiş təfsilatlı, geniş materiallar var.
Lavrovun sözlərinə görə, bu materiallarda bütün suallara cavablar var. "Biz tərəfləri regionda vəziyyətin daha uzunmüddətli planda sabitləşməsinə, iqtisadi, nəqliyyat əlaqələrinin bərpasına, Qarabağın və burada yerləşən digər ərazilərin etibarlı təhlükəsizliyinin təmin edilməsinə imkan verəcək əsas müddəaları razılaşdırmağa sövq etməliyik", - deyə XİN başçısı qeyd edib.*