Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə qeyd olunub ki, cari ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $3 milyarda yaxınlaşıb. Ötən il bu göstərici $4,5 milyard olub.
“Qarşılıqlı investisiyaların həcminin artması ticarət dövriyyəmizin yüksəlməsinə müsbət təsir göstərir. Bu günədək ölkələrimiz arasında 249 sənəd imzalanıb. Bu hüquqi sənədlər həyatın müxtəlif sahələrində əməkdaşlığımızın möhkəm hüquqi təməlini təşkil edir”, - deyə S.Qafarova bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi birgə layihələr ölkələrimizin beynəlxalq nüfuzuna da müsbət təsir edir.
Öz növbəsində, M.Şentop vurğulayıb ki, Türkiyə dövləti həmişə birmənalı şəkildə Azərbaycanın yanındadır və ölkəmizin haqq işinə dəstək verir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin hərəkətlərini qətiyyətlə pisləyən TBMM sədri Azərbaycanın dinc əhalisinin və mülki obyektlərin atəşə tutulmasını hərbi cinayət adlandırıb.*
X.Nəsirzadə