Özbəkistanın Bakıdakı səfiri Bahrom Əşrəfxanov bildirib ki, Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dinc sakinlərin həlak olduğu Gəncədə gördüklərindən şoka düşüb. Bu barədə «Region plus» jurnalı xəbər verir.
"Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşəbbüsü və dəstəyi ilə xarici həmkarlarımla birlikdə Gəncə şəhərinə və ölkənin bir sıra rayonlarına bir neçə dəfə səfər etdim. Bu səfərlər zamanı raket zərbələrinin ağır nəticələrini öz gözlərimlə gördüm. Bütün gördüklərimdən şoka düşdüm: ən kədərlisi odur ki, günahsız insanlar həlak olur", - deyə Əşrəfxanovun bəyanatında bildirilir.
Səfirin sözlərinə görə, FHN də daxil olmaqla Azərbaycanın səlahiyyətli orqanlarının operativ reaksiyası sayəsində Gəncəyə raket hücumu nəticəsində böyük itkilərin qarşısını almaq mümkün oldu.
"Qeyd etmək istərdim ki, Özbəkistan parlamentinin Qanunvericilik Palatasının rəhbərliyi də Dağlıq Qarabağ ətrafında silahlı münaqişə və xüsusilə Azərbaycanın mülki əhalisi arasında tələfatla bağlı narahatlığını ifadə edib. Eyni zamanda, Özbəkistanın prinsipial mövqeyini bir daha təsdiq etmək istəyirəm: Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır", - deyə o qeyd edib.
Əşrəfxanov həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.*
R.Əhmədov