2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 931,739 milyon sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 37,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 milyon 669,7 min nəfər (azalma 34,5%), dəniz nəqliyyatı ilə 17,1 min nəfər (artım 8,2%), hava nəqliyyatı ilə 522,4 min nəfər (azalma 75,2%), metro vasitəsi ilə 69 milyon 609 min nəfər (azalma 59%) daşınıb.
Cari ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 859,92 milyon sərnişin (azalma 34,%), avtobuslarla 827,907 milyon sərnişin (azalma 34,3%), taksilərlə 32,013 milyon sərnişin (azalma 38,7%) daşınıb.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar martın ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb.
Bundan başqa, mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Metropolitenin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Oktyabrın 19-dan noyabrın 2-dək Metropolitenin fəaliyyəti yenidən dayandırılıb. **
B.Rüstəmbəyov