2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $462 milyon 654,06 min dəyərində 38,632 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə idxal 25% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $401 milyon 684,05 min dəyərində 36,036 min ədəd avtomobil (artım 29,5%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin, $8 milyon 20,48 min dəyərində 142 ədəd elektrokar və $20 milyon 926,15 min dəyərində 3,678 min ədəd hibrid avtomobili gətirilib.
2020-ci ilin yanvar-sentyabr aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $35 milyon 189,4 min dəyərində 2,377 min ədəd motorlu nəqliyyat vasitəsi (azalma 8,5%), o cümlədən $14 milyon 198,51 min dəyərində 90 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 21,7%) gətirilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $11 milyon 582,1 min dəyərində 129 ədəd (azalma 65,2%) motorlu nəqliyyat vasitəsi gətirilib.
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.**
B.Rüstəmbəyov