2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 milyard 756 milyon 366,46 min təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 38,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $18 milyard 403 milyon 273,24 min (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 27,1% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $10 milyard 579 milyon 819,85 min (azalma 28,8%), idxalın həcmi $7 milyard 823 milyon 453,39 min (azalma 24,6%) təşkil edib.
İxracın strukturunda əssa həcm neft-qaz sektorunun məhsullarının payına düşüb (87,88%).
İdxalın strukturunda 15,15% ərzaq məhsullarının, 0,79% tütün və tütün məhsullarının, 3,47% əczaçılıq məhsullarının, 1,02% gübrələrin, 3,28% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,51% odun və agac məhsullarının, 1,89% geyim və geyim aksessuarlarının, 9.5% qara metal və ondan hazırlanan məmulatların, 23,43% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 13,95 nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,7% mebelin, 24,31% digər məhsulların payına düşüb.
Yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarında 7,352 min özəl və dövlət müəssisəsi və 28,837 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 178 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-sentyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 29,45%-i), Türkiyə (19,33%), İsrail (3,62%), Hindistan (3,9%), Rusiya (4,72%), Xorvatiya (3,48%), Yunanıstan (4,05%), Gürcüstan (3,46%), Ukrayna (2,65%), əsas idxal əməliyyatlarını isə Rusiya (18,4%), Türkiyə (14,44%), Çin (12,96), Almaniya (5,3%), ABŞ (6,72%), İtaliya (3,88%), Ukrayna (3,96%), İran (2,69%), Böyük Britaniya (2,76%) ilə həyata keçirib.**
Ə.Məmmədov