Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinin raket-artilleriya atəşinə tutulması həm müharibə dövründə, həm də humanitar atəşkəs rejimi dövründə qeyri-insani aktdır. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.
“Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlikləri nəzərə alaraq, dinc şəhərlərin, sakinlərin və mülki obyektlərin atəşə tutulması qeyri-insanı və yolverilməzdir. Bununla əlaqədar olaraq, Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını və günahsız uşaqlar da daxil olmaqla dinc əhalinin qətlə yetirilməsini ciddi şəkildə qınayıram», - Abdıkarimovun bəyanatında deyilir.
Diplomat hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünü bərpası çərçivəsində sülh yolu ilə həll olunmalıdır.
“Qazaxıstan münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməzdir. Bir daha münaqişənin sülh yolu, beynəlxalq hüquq prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bundan əvvəl qəbul olunan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsinin vacibliyini təsdiqləyirəm", - Abdıkarimov qeyd edib. **
X.Nəsirzadə