Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində həlak olanlar və yaralılar barədə məlumat verib.
“20 oktyabr tarixində səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Təxminən saat 15:00 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri - 1994-cü il təvəllüdlü Anar İsaqlı və 1984-cü il təvəllüdlü Anar Quliyev həlak olub, 1972-ci il təvəllüdlü Murov Şabanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunur.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir. Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb. **
B.Rüstəmbəyov