Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə işgüzar səfərə yola düşüb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində onun NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozef Borrel və Avropa Şurasının sədri Şarl Mişel ilə görüşləri planlaşdırılıb.
Görüşlər Ermənistan prezidentinin təşəbbüsü ilə baş tutacaq.
Məlumatda qeyd edilir ki, Brüsseldə "Sarkisyan Azərbaycanın Qarabağa qarşı təcavüzü və Türkiyənin münaqişəyə cəlb edilməsi, eləcə də Ermənistan ərazisindəki yaşayış məntəqələrinin Azərbaycan tərəfindən raket atəşinə tutulması faktlarını müzakirə etmək niyyətindədir".
“Azərbaycan və NATO-nun üzvü olan Türkiyənin hərbi əməliyyatları dayandırması üçün NATO rəhbərliyi və Avropa qurumları tərəfindən bütün mümkün səylərin göstəriləcəyi gözlənilir ki, bu da atəşkəslə bağlı əldə olunmuş razılaşmanı reallaşdırmağa imkan verəcək”, - deyə məlumatda bildirilir.*