“SOCAR Methanol” MMC 2020-ci ilin yanvar-sentyabr aylarında 368,2 min ton metanol istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-sentyabr aylarında "SOCAR Methanol" 368,2 min ton metanol istehsal edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 35,5% çoxdur. Oktyabrın 1-nə müəssisənin anbarında 11,9 min ton hazır məhsul olub”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, Dövlət Gömrük Komitəsi məlumat verib ki, yanvar-sentyabr aylarında $35 milyon 430,95 min dəyərində 350 min 38,2 ton metanol ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,33%, qeyri-neft ixracı strukturunda 2,76% təşkil edib.
“Yanvar-sentyabr aylarında Azərbaycandan bütün kimya məhsullarının ixracının ($60 milyon 267,89 min dəyərində 432 min 932,54 ton) 80,85%-i metanol ixracının payına düşüb”, - deyə məlumatda qeyd olunur.
2019-cu ildə Metanol zavodunda 383 min ton metanol istehsal edilib.
Şirkət 2020-ci ildə metanol istehsalını təxminən 480 min ton həcmində proqnozlaşdırır.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.*
N.Abbasova