2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 164 min 876,41 ton polimer məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2020-ci ilin yanvar-sentyabr aylarında $122 milyon 434,66 min dəyərində (azalma 19,5%) 164 min 876,41 ton (azalma 20,3%) plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 1,16%, qeyri-neft ixracının strukturunda 9,55% təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 90 min 786,91 ton ($59 milyon 51,14 min) ilkin formada polietilenin, 65 min 675,62 ton ($53 milyon 58,48 min) isə ilkin formada polipropilenin payına düşüb.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında işə salınmış “SOCAR Polymer” zavodunda istehsal edilir. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında şirkət layihə gücü ildə 120 min ton hazır məhsul olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunu işə salıb.
“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. “SOCAR Polymer” şirkətinin bu zavodların fəaliyyətindən $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
Azərbaycanda, həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda illik 60 min tondan çox yüksək təzyiqli polietilen istehsal olunur.*
N.Abbasova