İndiki mərhələdə Qarabağ probleminin diplomatik həlli yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Biz anlamalıyıq ki, indiki mərhələdə və bu mərhələdən başlayaraq hələ uzun müddət ərzində Qarabağ məsələsi diplomatik yolla həll oluna bilməz", - deyə o, bu gün Facebook səhifəsində canlı efir zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan həmişə problemi qarşılıqlı güzəştlər əsasında həll etməyə hazır olduğunu bəyan edib.
"Bu o deməkdir ki, biz problemin həlli naminə öz tələblərimizi azalda bilərik, lakin bir şərtlə ki, qarşı tərəf də bu addımı atsın. Ancaq təcrübə göstərdi ki, Ermənistan üçün məqbul olan hər şey Azərbaycan üçün qəbuledilməzdir. Bu, ondan xəbər verir ki, heç olmasa, bu mərhələdə diplomatik həlldən danışmaq mənasızdır", - deyə baş nazir qeyd edib.*