2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 7,8% - 6 milyon 545,6 min tonadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 6 milyon 241,8 min ton və ya 95,4% beynəlxalq tranzit yüklərin, 4,6% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 12,2% artıb”, - deyə məlumatda bildirilir.
Oktyabrın 1-nə Azərbaycanın limanlarında 179,5 min ton yük qalıb.
2019-cu ildə dəniz limanlarında 8 milyon 247,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, bunun 7 milyon 547,2 min tonu və ya 91,5%-i beynəlxalq tranzit yüklərin, 8,5%-i yerli yüklərin payına düşüb.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.*
N.Abbasova