Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
“Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub. Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”, - deyə o bildirib.
Hacıyevin sözlərinə görə, çox güman ki, zərbə SCUD raketləri ilə endirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.*
Ə.Məmmədov