Ermənilərin Azərbaycan ərazilərini ballistik raketlərdən atəşə tutması nəticəsində 1 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“22 oktyabr 2020-ci il tarixində səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərinə ballistik taktiki raketlər atması nəticəsində Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü Murad Əmirbəyov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, düşmən silahlı qüvvələri Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.*
X.Nəsirzadə