Trans-Adriatik qaz kəmərinin (TAP) rəsmi açılışı bir neçə həftənin işidir. Bu sözləri prezident İlham Əliyev deyib.
“TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb”, - deyə dövlət başçısı Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.
Trans-Adriatik boru kəmərinin tikintisi üzrə konsorsium 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib.
TAP boru kəməri ilə Puglia (İtaliya) şəhərindəki “Snam Rete Gas” təbii qaz ötürmə sistemi arasındakı əlaqələndirmə hissəsinin bu il noyabr ayının ortalarına qədər tamamlanması və qaz nəqlinə hazır vəziyyətə gətirilməsi gözlənilir.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının TAP ilə Avropaya nəqlinə 2020-ci ilin sonunadək başlanılacaq.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 milyard avrodur.
TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova