Ermənistan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla nizamlanmasında maraqlı deyil və bu ölkənin baş naziri Nikol Paşinyan vəziyyəti daha da ağırlaşdırmaq üçün əlindən gələni edir. Bu sözləri Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov deyib.
"Nikol Paşinyanın münaqişənin diplomatik həllinin olmaması ilə bağlı açıqlaması Ermənistanın münaqişənin sülh yolu ilə nizamlanmasında qətiyyən maraqlı olmadığını bir daha nümayiş etdirir. Və o, bunu Moskvada xarici işlər nazirləri arasında məsləhətləşmələrin aparıldığı, ABŞ-da məsləhətləşmələrin gözlənildiyi bir vaxtda deyir. Bu, vəziyyəti daha da ağırlaşdırır. Bununla belə, biz müzakirə və məsləhətləşmələr aparacağıq", - deyə Axundov "Dojd" telekanalının efirində ABŞ-ın dövlət katibi Mayk Pompeonun təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutacaq məsləhətləşmələrlə bağlı gözləntilərə dair sualı şərh edərkən bildirib.
Sektor müdiri Azərbaycan tərəfində döyüşən suriyalı döyüşçülərlə bağlı iddialara da cavab verib. "Artıq 20 gündən çoxdur ki, bütün dünyanın nüfuzlu nəşrləri erməni feyklərini göstərmək məcburiyyətində qalıb. Yaxın Şərq, Suriya, Əfqanıstanda döyüşçülərin pulemyotlar quraşdırılmış ciplərdə gəzərək atəş açdıqları kadrları hamımız görmüşük. Siz artıq 20 gündür bizim müharibədən kadrları izləyirsiniz. Buna bənzər bir şey görmüsünüzmü?" - deyə Axundov vurğulayıb. O əlavə edib ki, Qarabağda 21-ci əsrin Ordusu (Azərbaycan – İF) 20-ci əsrin ordusuna (Ermənistan - İF) qarşı vuruşur.*
https://www.youtube.com/watch?v=iDk-L1t2rtU&t=7s
A.Əzizov