Bakı Azərbaycanda bərpaedilən enerji sahəsində həyata keçirilən layihələrdə Yaponiya şirkətlərinin iştirakında maraqlıdır. Bu sözləri prezident İlham Əliyev deyib.
“Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq”, - deyə dövlət başçısı Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.
Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edən İ.Əliyev qeyd edib ki, bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıq mövcuddur.
“Yaponiya şirkətlərinə gəlincə, onlar burada enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir”, - deyə prezident əlavə edib.*
N.Abbasova