“Unibank” 2020-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 4,4% - 752,815 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2020-ci il tarixinə bankın kredit portfeli 556,671 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,7% - İF) təşkil edib. Həmçinin, 300,117 milyon manat istehlak kreditləri (artım 3,4%), 196,188 milyon manat biznes kreditlərinin payına düşüb (artım 16%).
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 626,205 milyon manata (azalma 5,9%), müştəri hesabları 474,119 milyon manata (azalma 10,7%), həmçinin əhalinin əmanətləri 376,855 milyon manata bərabərdir (azalma 9,7%).
1 oktyabr 2020-ci il tarixinə “Unibank”ın kapitalı 96,61 milyon manat (artım 7,1%), nizamnamə kapitalı 125 milyon 686,36 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 11 milyon 247,82 min manat təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 47,4% azdır.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. **
Ə.Məmmədov