İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilir.
Məlumata əsasən, görüşdə ikitrərəfli münasibətlərin cari vəziyyəti müzakirə olunub, nəqliyyat, kənd təsərrüfatı, dövlət-özəl tərəfdaşlığı, əczaçılıq, turizm, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətlərini qeyd edən Cabbarov postpandemiya dövründə Latviya ilə qarşılıqlı investisiya qoyuluşlarının artırılmasının əhəmiyyətini, nəqliyyat, kənd təsərrüfatı, dövlət-özəl tərəfdaşlığı, əczaçılıq, turizm, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Həm Azərbaycan, həm də Latviya, Avropa ilə Asiya arasında tranzit yükdaşımalarında mühüm yer tutur. Hər iki ölkədə inkişaf etmiş nəqliyyat infrastrukturunun mövcudluğu bu sahədə əməkdaşlığın genişləndirilməsinə yaxşı perspektivlər vəd edir”, - məlumatda bildirilir.
Həmçinin, nazir Latviya şirkətlərini Ələt azad iqtisadi zonasının potensialından yararlanmağa dəvət edib.
Öz növbəsində, Qarançs Latviyanın Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.
“Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb”, - məlumatda vurğulanır.
Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı və digər məsələlər müzakirə edilib. **
X.Nəsirzadə