Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma halları qeydə alındığından karantin qaydalarının yenidən sərtləşdirilməsi barədə qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Operativ Qərargahdan məlumat verilir.
“Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları və Mingəçevir şəhərində yüksək yoluxma faktları aşkar olunub. COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır”, - Operativ Qərargahdan bildirilir.
Eyni zamanda qeyd olunub ki, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax və Zaqatala rayonlarında aşağıdakı tarixlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılır: 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək, 31 oktyabr saat 00-dan 2 noyabr saat 06:00-dək. **
Ə.Məmmədov