Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Tərtərə raket zərbəsi endirməsi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub.
“Ermənistanın mülki vətəndaşlara, xüsusən də uşaqlara qarşı müharibəsi davam edir. Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə “Smerç” raketi atılıb və hücum nəticəsində 16 yaşlı yeniyetmə Orxan İsmayılzadə həlak olub”, - deyə H.Hacıyev “Twitter” hesabında yazıb.
Öz növbəsində, Baş Prokurorluqdan verilən məlumata görə, 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç həkimlərin səylərinə baxmayaraq, müalicə olunduğu xəstəxanada vəfat edib.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini raket və artilleriya qurğularından atəşə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 65 nəfərə çatıb.*
B.Rüstəmbəyov