Hazırda Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır.
“Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquqda təsbit olunmuş hərbi zərurət, legitim hərbi hədəflər və cavab tədbirlərinin proporsionallığı kimi tələblər ciddi şəkildə nəzərə alınır. Xankəndidə olmuş xarici jurnalistlər tərəfindən də qeydə alındığı kimi, Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq. Azərbaycan tərəfə keçmək istəyən mülki şəxslərə və hərbçilərə bütün humanitar yardım və dəstəyi göstərməyə hazırıq. Mülki insanlara qarşı törədilmiş müharibə və hərbi cinayətlərə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır”, - deyə Hacıyev vurğulayıb.*
B.Rüstəmbəyov