Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, Azərbaycan Dağlıq Qarabağda hərbi qələbəyə yaxındır.
"Azərbaycan Dağlıq Qarabağda hərbi qələbəyə yaxındır. Mümkündür ki, artıq bir neçə saatdan sonra Azərbaycan Ordusu Ermənistan və Dağlıq Qarabağı əlaqələndirən cənub Laçın dəhlizini blokadaya almağa imkan verəcək mövqeləri tutacaq", - deyə Markov Facebook səhifəsində yazıb.
O qeyd edib ki, artıq şimal dəhlizi təxminən bir həftə əvvəl mühasirəyə alınıb. "Orada hər şey atəş altındadır. Azərbaycan Ordusu havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağın cənub dəhlizinin hərbi blokadasından sonra Ermənistan ordusunun vəziyyəti artıq ümidsiz olacaq. O zaman müharibənin davam etdirilməsi hərbi formada olan ermənilərin məhv edilməsinə çevriləcək. Bu, artıq heç kimə lazım deyil. Buna görə də düşünürəm ki, bu hərbi qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu, artıq atəşkəs haqqında danışıqlar yox, sülh haqqında danışıqlar olacaq. Sülh şərtləri haqqında. Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazisindən tam çıxarılması şərtləri haqqında. Və erməni əhalisinin vəziyyəti haqqında", - deyə o vurğulayıb.
Markov hesab edir ki, Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq. "Vladimir Putinin çıxışı məhz bu barədə idi, baxmayaraq ki, bunu o zaman heç də hamı anlamamışdı. Putin isə artıq bilirdi ki, bir neçə saatdan sonra regionda geosiyasi vəziyyət köklü şəkildə dəyişəcək. Azərbaycan hərbi qələbəyə yaxındır", - deyə politoloq yazıb.*
R. Əhmədov