Dağlıq Qarabağ münaqişəsi ilə bağlı substantiv danışıqlara nə qədər tez başlasaq, həll yolu bir o qədər tez tapılar. Bu sözləri prezident İlham Əliyev deyib.
“Arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışıqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, - substantiv danışıqlara nə qədər tez başlasaq, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır”, - deyə dövlət başçısı Amerikanın "Fox News" televiziya kanalına müsahibəsində bildirib.
Prezident əlavə edib ki, münaqişənin diplomatik yolla həllini mümkün hesab edir. “Mən tamamilə əminəm. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Diplomatik həll masa üzərindədir. Lakin bu Ermənistan tərəfinin iradəsindən asılı olacaqdır. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir”, - deyə İ.Əliyev qeyd edib.*