ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi balanslaşdırılmışdır. Prezident İlham Əliyev belə hesab edir.
“Düşünürəm ki, prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük”, - deyə dövlət başçısı Amerikanın "Fox News" televiziya kanalına müsahibəsində bildirib.
İ.Əliyev Tramp administrasiyasının Qarabağla bağlı diplomatik səylərinin ABŞ-da prezident seçkilərinə dair siyasətlə əlaqəli olub-olmaması barədə suala cavab verməkdə çətinlik çəkib: “Mən bilmirəm. Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin onların əksəriyyəti, hətta bu haqda bilmirlər. Lakin, əlbəttə ki, Amerika super gücdür, o, bu münaqişənin həllində çox mühüm söz sahibidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir, yenə də və daha da çox hər iki tərəfi ortaq qərara yaxınlaşdırmağa çalışmalıdır”, - deyə o əlavə edib.
“Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır”, - deyə İ.Əliyev vurğulayıb.*