Hər gün Ermənistana ən müasir silahlar göndərilir, bu silahların siyahısı bizdə var. Bu barədə prezident İlham Əliyev deyib.
“Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var”, - deyə dövlət başçısı bu gün Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə bildirib.
Prezidentin sözlərinə görə, indiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!”, - deyə İ.Əliyev vurğulayıb.
O qeyd edib ki, Azərbaycan döyüş meydanında uğurlar qazanıb. “Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik”, - deyə dövlət başçısı əlavə edib.
İ.Əliyev bildirib ki, bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. “Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”, - deyə prezident vurğulayıb.*
A.Əzizov