Ermənistan silahlı qüvvələri “Euronews”un çəkiliş qrupunun istifadə etdiyi nəqliyyat vasitəsini raket atəşinə tutub. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews”un çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik. Xoşbəxtlikdən raket hədəfdən yayınmışdır, çəkiliş qrupu xəsarət almamışdır. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəymişdir”, - deyə o qeyd edib.
Prezidentin köməkçisinin sözlərinə görə, üzərində “Euronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşıyır.
“Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk. Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəymişdir”, - deyə H.Hacıyev bildirib.*
N.Abbasova