Mehrəli Qasımov Ukraynanın Şamaxı şəhərindəki fəxri konsulu təyin olunub.
“Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevskyi M.Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib. Tərəflər Ukraynanın Şamaxı şəhərindəki fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar”, - deyə Ukrayna səfirliyinin məlumatında bildirilir.
Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır.
“Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən Ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən Azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək, eləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini, eləcə də milli bayramlarının qeyd olunmasını təşkil edəcək”, - deyə məlumatda qeyd olunur.
Ukraynanın Şamaxı şəhərindəki fəxri konsulunun konsulluq dairəsi Azərbaycan Respublikasının Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.*
X.Nəsirzadə