“SOCAR AQŞ” MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Ramın İsayev müəssisənin baş direktoru vəzifəsindən azad edilib.
“Təsisçilərinin qərarına əsasən Samir Mollayev müəssisənin yeni baş direktoru təyin edilib”, - deyə "SOCAR AQŞ” MMC-nin məlumatında bildirilir.
Samir Mollayev yeni təyinatından öncə “Nobel Oil Services” şirkətlər qrupunda qazma biznesi üzrə baş əməliyyat direktoru vəzifəsində çalışıb. Bu vəzifədə şirkətlər qrupunun qazma biznesinin inkişafı istiqamətində müxtəlif layihələrinin, o cümlədən “Nobel Oil Services” şirkətinin Qazaxıstanda “Evrika Oleum” şirkətinin neft yatağında quyuların qazılması üzrə idarəetmə xidmətləri və digər layihələrin iştirakçısı olub.
“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Şirkət həm Xəzərin Azərbaycan sektorunda, həm də Türkiyədə həyata keçirdiyi qazma əməliyyatlarını uğurla davam etdirir. Şirkətin təsisçiləri SOCAR və “Nobel Oil Services” şirkətləridir.*
N.Abbasova