Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistanın məhv edilən hərbi texnikasının dəyəri $2,7 milyardı ötüb. Bunu bu gün keçirilən mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
“Bu il sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə davam edən Vətən müharibəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri $2,7 milyardı ötüb”, - deyə o bildirib.
Ermənistan ordusunun 252 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb. 79 ədəd piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minaatan, 53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” sistemi, 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, bir “KRUQ”, 2 S-125 zenit-raket kompleksləri və qurğuları məhv edilib.
Onun sözlərinə görə, 1 ay ərzində düşmənin 6 S-300 atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator, bir “Toçka-U”, 2 Elbrus əməliyyat taktiki raket kompleksləri, 20-i silah-sursatla dolu olan 231 yük avtomobili məhv edilib, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb.
“Bu, tam siyahı deyil, yaxınlarda Ermənistanın hərbi texnika və sursat itkisi barədə əlavə məlumat veriləcək”, - deyə icraçı direktor qeyd edib.
O əlavə edib ki, Ermənistana vurulan hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir.
“Ancaq $716 milyon civarında hərbi büdcəsi olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla heç bir halda izah oluna bilməz. Digər tərəfdən bir aylıq müharibədə itirdiyi hərbi texnikanın miqdarı Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxarıb. Məhz buna görə də, Ermənistana yatırılan hər hansı sərmayə, verilən borc və pul köçürmələrinin birbaşa terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunması amili beynəlxalq ictimaiyyət tərəfindən diqqətdə saxlanılmalıdır. Ermənistanı maliyyələşdirən beynəlxalq təşkilatların infrastruktur investisiyaları əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur və bu təşkilatların mandatına heç bir halda uyğun gəlmir. Digər tərəfdən, Ermənistanın maliyyələşdirilməsi birbaşa militarist iqtisadiyyata yatırılan sərmayədir. Belə ki, hərbi xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisi 10% ətrafında olan Ermənistan dünyada ən çox hərbiləşmiş azsaylı ölkələrdən hesab olunur. Buna müvafiq olaraq, beynəlxalq təşkilatlar və üçüncü ölkələr Ermənistanın maliyyələşdirilməsi, bu ölkəyə hər hansı vəsaitin verilməsinin işğalın və terrorizmin maliyyələşdirilməsinə sərf olunduğunu nəzərə almalıdırlar", - deyə V.Qasımlı vurğulayıb.*
X.Nəsirzadə